“Bəyin oğurlanması” – 40

Bəy

Film 1985-ci ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Vaqif Mustafayev və Ceyhun Mirzəyev tərəfindən ekranlaşdırılıb. Ssenari xalq yazıçısı Mövlud Süleymanlınındır.

Filmdə Həsənağa Turabov, Nəsibə Zeynalova, Mirzə Babayev, Muxtar Manıyev, Firəngiz Mütəllimova, Vidadi Həsənov, Şamil Süleymanov çəkiliblər. Baş rolda o vaxt hələ tanınmasa da, istedadlı aktyor Füzuli Hüseynov oynayıb.

İki yaradıcılıqla dolu gənc rejissor heç kimin müdaxiləsi olmadan ssenarini bir kənara qoyub improvizasiyalara meydan veriblər. Hər kadr yaradıcılıq məhsuludur.

Filmin əvvəli gecənin qaranlığında kənd yolunda, yalnız maşınların işıqları fonunda cırcıramaların səsi ilə Şamil Süleymanovun canlandırdığı qəhrəmanın hasarı aşıb İsrafilin qızı Yasəmənlə görüşməsi səhnəsi ilə başlayır. Hasarın kənarında görüşən qızla oğlanın üzərindən kamera fırlanır və otaqda İsrafilin papağının üstündə dayanır.

Nəcibə Behbudova qızın nənəsini oynayır. İlk kadrlardan birində onun sözləri səslənir:

– Neçə nəfərsiniz? – deyə İsrafili razı salmaq və canlı toyu filmə çəkmək üçün gəlmiş çəkiliş qrupunu yoxlama hesab edib soruşur.

– Biz çoxuq, – deyə Siyavuş Aslan cavab verir.

– Deyəsən, bu dəfə bir sürü gəliblər. İt ilxısı, köpək sürüsü. Görüm sizi bu dağa-daşa salanın əli qurusun, dili qurusun, evi yıxılsın.

Bu yerdə çiynində kamera daşıyan Hacı İsmayılov daşın üstünə çıxarkən sürüşüb yıxılır və qalxıb:

– Bəsdir qarğışladın də… – deyir.

Qadın isə rolundan çıxmır:

– Yazırlar, gəlirlər, yoxlayırlar, gedirlər. Elə zavaqdır da… Gərək hökmən bir zurna çalsınlar? Ancaq rəhmətlik atası əla tarçalan idi.

– Öz tarçalanımız var, oğluna deyərsən, gəlib bizi görsün.

– Ay bala, gəlin qonağımız olun da…

Bütün bunlar ssenaridə yoxdur. Gedişatda yaranan sözlər, dialoqlar filmin xeyrinə işləyib. Bu məntiqsiz, qarışıq sözlər, yersiz keçidlər o qədər təbii alınıb ki, elə bil ssenari elə belə də yazılıbmış.

Çəkilişlər 3–4 ay – yay və payız aylarında aparılıb. Şamaxının Məlhəm kəndində qoboyçalan bir nəfərin evini icarəyə götürüblər, amma toy səhnəsi həmin evlə üzbəüz, həyəti daha geniş olan başqa bir evdə çəkilib. Çəkilişlərdə kənd camaatı da iştirak edib, xüsusilə kütləvi səhnələrdə. Məsələn, toya hazırlıq səhnəsi kənddə adi toy hazırlıqları kimi baş verib. Yəni adamlar sabahkı toya hazırlaşır, ət doğrayır, salat hazırlayır, hətta ciyəraxşamı edirlər. Bunların hamısı filmin kadrlarına çevrilib.

Filmdə film çəkən rejissor Əsəd (Həsənağa Turabov) qərar verir ki, ssenari zəif olduğundan canlı toyu filmə salsınlar. Əslində, bunlar real həyatda baş verən hadisələrdir. Kənd əhalisindən biri həqiqətən Həsənağa Turabovu elçiliyə aparıb, şirin çay içiblər.

Bəzi kadrlar kinostudiyanın həyətində lentə alınıb. Siyavuş Aslanın dillər əzbəri olmuş “Evdə uşaq da deyir, atamız işə gedib” ifadəsinin yer aldığı səhnə, Əsədin müxbir qıza müsahibə verməsi, elçilik səhnəsi kinostudiyanın həyətində ekranlaşdırılıb.

Elçilik səhnəsində Əsəd, Mustafa və Tağı bir-birinin ardınca atalar sözləri işlədirlər. Ssenaridə həmin səhnə quru olduğundan, filmin daha canlı alınması üçün bu ideyanı rejissorlar veriblər.

Filmdə yaddaqalan kadrlardan biri də qocanın hava proqnozudur:

“Sabah bir yağış yağacaq ki, tut ucundan, çıx göyə.”

Yağış isə təbii ki, yanğınsöndürənlərin “yaradıcılığıdır”. Yoxsa yağışın yağmasını gözləmək uzun çəkərdi. Həm də təbii yağışda texniki avadanlığı sığortalamaq mümkün deyil – üstünə yağsa, avadanlıq sıradan çıxar, hətta insanı da zədələyə bilər.

Ramiz Əzizbəylinin ifasında “Tello” xalq mahnısı filmin koloritini artırır. Eldəniz Zeynalovun epizodik obrazı da maraqlı kadrdır:

– Necədir?

– Bir az emosiya azdır.

– Mənim dayım oğludur e, İsabala, yaxşı demək olar?

– Lazım gəlsə, olar, niyə olmur?..

Filmdə toy səhnəsində “İsrafil!” deyə qışqırıb ortaya düşən obraz da improvizasiyadır. Rejissorlar Muxtar Manıyevə tapşırıq verirlər ki, Siyavuşun xəbəri olmadan ona sillə vursun ki, səhnə təbii alınsın. Təbii alınır, amma Muxtar Manıyevi də Siyavuş Aslanın əlindən güclə alırlar.

Bir sözlə, bütün heyət filmin alınması üçün çalışıb ki, Bakıya əli boş qayıtmasınlar. Nəticədə maraqlı, həm də mənalı bir komediya yaranıb.

Comments are disabled