“Bəxtiyar” filminin ekranlara çıxmasından 70 il keçir

Bextiyar02

“Bəxtiyar” tammetrajlı bədii filmini rejissor Lətif Səfərov 1955-ci ildə Bakı kinostudiyasında ekranlaşdırıb. Musiqili film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir.

Film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Bəxtiyar öz məlahətli səsi ilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin o, xüsusi musiqi təhsili almaq barədə ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedərək neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran, əsl incəsənətdən uzaq olan fırıldaqçı klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çıxışlarını təşkil edir və bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur. Nəhayət, Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşür və bu işlə ciddi məşğul olmağa başlayır.

Əsas rolları Rəşid Behbudov, Tamara Çernova, Faiq Mustafayev, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və İsmayıl Əfəndiyev ifa edirlər.

Filmdə sədaqətli dostluq bağları, hicran, vüsal və saf duyğular öz əksini tapmışdır.

Film rejissor Lətif Səfərovun böyük kinoda ilk rejissor işidir. Həmçinin, “Bəxtiyar” filmi Azərbaycan Televiziyasında nümayiş etdirilən ilk film olub (1956).

“Bəxtiyar” bədii filmi ənənəvi sxem üzrə yaradılsa da, onun müasir material üzərində qurulması, tamaşaçıların sevdiyi süjetə əsaslanması, film üçün mahnıların bəstəkar Tofiq Quliyev tərəfindən yazılması və ən başlıcası, əsas rolda güclü və təmiz səsə malik müğənni Rəşid Behbudovun çəkilməsi kinolentin müvəffəqiyyətini təmin edib.

“Azərbaycanfilm”

Comments are disabled