Gündüz Abbasov-95

Dogum gunu

Kinoaktyor, yazıçı-jurnalist, rəssam Gündüz Abbasov 1930-cu il noyabrın 20-də Bakının Dağlı məhəlləsində dünyaya gəlib. Adını dahi yazıçı-dramaturq Cəfər Cabbarlı qoyub. Yəni, Cəfər Cabbarlının “Sevil” pyesindəki Balaşın oğlu Gündüzün şərəfinə qoyublar. Gündüz adı da Cabbarlının əsərlərində həyat verdiyi onlarla addan biridir. Gündüzün anası Mələk xanım görkəmli dramaturq, şair, teatr xadimi Cəfər Cabbarlının qardaşı qızı idi. Atası Şəmsəddin Abbasov tanınmış yazıçı və jurnalist, Azərbaycan Radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru olub.

1952-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1961-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.

İlk dəfə 1942-ci ildə “Sovet pəhləvanı” adlı qısametrajlı bir filmə çəkilib.

Böyük kinoya isə 1958-ci ildə Kinodramaturq İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Onun böyük ürəyi” filmində Rəcəb obrazı ilə gəlib.

Gündüz Abbasov C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 30-a yaxın filmdə çəkilib: “Alman klinikasına şəxsi səfər”, “Arvadım mənim, uşaqlarım mənim”, “Aygün”, “Babək”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Cəza”, “Dədə Qorqud”, “Doğma sahillər”, “Leyli və Məcnun”, “Onun böyük ürəyi”, “Telefonçu qız” və sair.

Aktyorun çəkildiyi sonuncu film “Yuxu” filmi idi. Premyerasını görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı ilə tamaşaçıların yaddaşındadır.

Rejissor Fikrət Əliyevin çəkdiyi “Yuxu” filmində ifa etdiyi Hidayət kişi rolu epizodik olsa da, Gündüz Abbasovun oynadığı digər rollsr kimi yaddaqalandır. Hidayət aktyorun kinoda son işidir. Film 1993-cü ildə çəkilməyə başlanıb, çəkilişi 1994-cü ildə başa çatıb. Ancaq filmin tam istehsalı müəyyən səbəblərdən 2001-ci ildə başa çatıb.

1959-cu ildə kinorejissor Əlisəttar Atakişiyevin Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında çəkdiyi “Bir qalanın sirri” film-nağılındakı Elşən rolu isə Gündüz Abbasovun kino yaradıcılığında xüsusi yer tutur. Həkim babanın qollarını açan yaraşıqlı qəhrəman Elşən rolu, necə deyərlər, sanki Gündüz Abbasovun boyuna biçilmişdi.

Gündüz Abbasov həm də “Mozalan” respublika satirik kinojurnalının bir çox kinosüjetində yaddaqalan rollar yaradıb.

O, həm də peşəkar idmançı idi. Respublika voleybol komandasının üzvü, daha sonra kapitanı kimi beynəlxalq yarışlarda iştirak edib.

Ömrünün sonlarında xatirələrini qələmə alır, üstəlik “Keçmişsiz” adlı roman üzərində çalışırmış. Nə yazıq ki, hər ikisini tamamlamağa ömür vəfa etməyib.

Görünür, həyatdan gördüyü vəfasızlıq yalnız o deyil. Bu qədər istedadı nədənsə lazımi şəxslər fərq etməyib. Gündüz Abbasovun heç bir fəxri adı, təltifi yoxdur. Yaşasaydı, bu gün 95 yaşı olardı.

Comments are disabled