Hacı Murad Yagizarovun xatirəsinə


Uşaqlığımızın xarizmatik film qəhrəmanıdır. Bir-birinin ardınca çəkildiyi filmlər Azərbaycan kinosunun tarixidir. Yalnız “Arşın mal alan”da Süleymanı xatırlatmaq yetərlidir ki, qalan rolları gözlərimiz qarşısında sıralansın. Bu adı kim tanımır ki… Hacı Murad Yagizarov.

Uşaqlığı

Bakıda doğulub böyümüşəm, köklü bakılıyam. Atam hərbiçi olub, anam müəllimə idi. Atam dağıstanlıdır, anam Şamaxı xanı Mahmud Əliyevin nəvəsidir. Ata tərəfimin hamısı ya diş həkimləri idilər, ya da zərgərlər. Ana tərəfin isə əksəriyyəti dövlət qulluğunda olublar. Nazir, diplomat. Dayım da diplomat idi, istəyirdi ki, mən də onun yolu ilə gedim. Nəslimdə kökümdə incəsənət adamı olmamışdı mənə qədər. Qonşumuz Ələsgər Ələkbərovun təsiri ilə mən tez-tez Dram Teatrının tamaşalarına gedirdim. İncəsənətlə bir peşə kimi məşğul olmaq ağlıma da gəlmirdi. İdmanla məşğul olurdum, boks üzrə Respublika çempionu idim. Voleybolla, üzgüçülüklə, karate ilə ayrı-ayrı vaxtlarda məşğul olmuşam.

Orta məktəbin sonuncu sinfində məktəbin dram dərnəyinə düşdüm, görkəmimə görə məni kiçik bir idmançı rolunu oynamağa dəvət etdilər. Mühitə düşdüm ardınca buraxılış gecəsi üçün bir tamaşa hazırladıq, orda da oynadım. Tamaşaya Ələsgər Ələkbərov gəlmişdi. Ailəm iştirak etmədi, çünki məəttəl qalmışdılar ki, mən neyniyirəm, hansı peşəni seçmək istəyirəm, birdən incəsənəti seçərəm. Ələsgər Ələkbərovdan xahiş etmişdilər ki, baxsın görsün mənim incəsənətə bir aidiyyatım var ya yox.

O, da baxdı tamaşaya və ailənin içində mənə dedi ki, sənin incəsənətə getməyin məsləhətdir, istedadlısan, səndə öz gəncliyimi görürəm. Beləliklə sənədlərimi verib İncəsənət İnstitutuna qəbul olundum.

Kinoda

Elə birinci kursda Ələsgər Ələkbərov məni “Uzaq sahillərdə” filminin sınaq çəkilişlərinə apardı ki, Mixaylo roluna çəkilim. Çox gənc olduğum üçün o rola məni götürmədilər, filmdə bir partizanı oynadım. Ondan sonra “Ögey ana”da çoban obrazına çəkildim. Kino O illər ərzində hansı filmə çəkildimsə Ələsgər Ələkbərovla bir yerdə çəkildik. “Böyük dayaq” da həmçinin. Təhsil aldığım illərdə bir-neçə filmə çəkilmişəm. “Böyük dayaq”da Şirzad diplom işim oldu. Ardınca “Ulduz”, “Arşın mal alan”, “O qızı tapın”, “Bir cənub şəhərində”, “Arşın mal alan”. Əsasən Eldar Quliyevin filmlərində çəkilirdim, çünki uşaqlıq dostum idi.

Həyatımda üç dəfə jurnalist obrazında oynamışam. “Həyat öyrədir”, “Əsas müsahibə”, “Bir cənub şəhərində”. “Arşın mal alan”ın ssenarisini Tofiq Tağızadə mənə oxumağa verdi, oxudum və ondan xahiş etdim ki, Süleyman rolunu mənə versin, çünki o rolu özümə daha yaxın hesab etdim. Bu rolla öz köklərimə qayıdırdım. Öz mühitimin adamı idi, xaricdə təhsil almış, dövrünün intellektualı. Bir-birinin ardınca kinolara çəkilirdim, 35 film “Azərbaycanfilm”in istehsalıdır.

NTV-nin Azərbaycanla birgə istehsalı olan “Dronqo”da nazir müavini , iki Gürcüstan filminə çəkilmişəm, iki filmə də Almaniyada rol almışam. “Şpeyer və o” filmində Sovet polkovniki rolunu oynamışam, bir də “Şübhə altında” bədii filmində Azərbaycan naziri obrazına çəkilmişəm. Almaniyada “Məkkə” adlı filmdə də çəkilmişəm, onu azərbaycanlı çəkib.

Teatrda

Hələ tələbə ikən Rus Dram Teatrında işləməyə başlamışam. O vaxtdan 200 rol oynamışam, müxtəlif xarakterli rollarım olub. Bu da mənim həyatım. Rəsmi surətdə təqaüddəyəm, amma hamı bilir ki, aktyorun təqaüdə göndərilməsi onun ölümü deməkdir.

Ona görə də demək olar ki, bütün tamaşalarda varam, oynayıram. İndi əvvəlkindən çox şey dəyişib, çünki epoxa dəyişilib. Çox işləyirdik, işimizin müqabilində qəpik-quruş alırdıq, amma gələcəyə kommunizmə inanırdıq. Fəxri ad, orden, medal verirdilər, amma dolanışıq yox idi. Bizi Sovet dövlətimiz istismar edirdi. İndi heç olmasa çəkilişlərə görə o vaxt olduğundan çox qonorar alırıq. Düzdür, Moskva aktyorları ilə heç müqayisəyə gələ bilmərik, amma Allaha şükür prezident təqaüdü alırıq.

Fəxr etdiyim bir məqam var ki, yaxşı təhsilli, öz intellektini yüksəltməyə çalışan gənclik yetişməkdədir. Dünya miqyaslı tədbirlər bizdə keçirilir, bu da gözəl haldır. Bir birinin ardınca teatrlar təmir olunur. Azərbaycan çox inkişaf edir. Hayıf ki, bizim həyatımızın çox uzun bir hissəsi keçid dövrünə düşdü. Bu keçid dövründə mədəniyyətimiz çox itirdi. Nəsillər arasındakı ardıcıllıq itdi. Böyük bir nəsil kadrları itirdik. Kadrlar getdilər, yerlərini tutan yoxdur, çünki ara böyük oldu. İndi yenilərinin yetişməsi üçün zaman gərəkdir.

Şəxsi həyatı

Həm Almaniyada, həm də Bakıda yaşayıram. Ailəm ordadır, mən Bakısız qala bilmirəm, 10 gün sonra havam çatmır, qayıdıram Bakıya. Bakı üçün necə darıxıramsa özümə yer tapa bilmirəm. Birdən hiss edirəm ki, artıq qayıtmalıyam, bunu heç nə ilə izah etmək olmur – vətəndir vəssalam. Gəlirəm məzarlığa gedirəm, əzizlərimi ziyarət edirəm. Atalığım rəhmətə gedəndə ona layiq məzarüstü düzəltdirə bilməmişdim.

Mənimki belə gətirib ki, atam da olub, atalığım da. O, böyük elm adamı idi, bu il ona layiq məzarüstü düzəltdirdim, bir az rahatladım. Hiss edirəm ki, bizdən sonra gələn nəsillər üçün belə məqamlar heç bir rol oynamayacaq, təəssüf ki, belədir, amma biz belə yetişmişik, bizim üçün ata, ana, böyüklərin məzarı ziyarətgahdır.

Gəlirəm, hökmən onları ziyarət edirəm. Bakıya düşən kimi kerosin qoxusu məni vurur, onu ciyərlərimə çəkirəm, çünki bu Bakının qoxusudur, mənim uşaqlığımın qoxusudur. Arvadım, qızım, bir oğlan nəvəm var. Ailəm mənim hər şeyimdir. Onlardan danışmaq istəmirəm, gözə gələcəklərindən qorxuram. Onlar üçün yaşayıram, Allahdan sağlamlıq istəyirəm ki, onların qayğısına qala bilim. Heç kim onlara pislik edə bilməsinlər.

Qızım xoreoqrafiya məktəbini bitirib, sonra da Xarici Dillər Universitetində təhsil alıb. Demək olar ki, dörd dil bilir.

Müharibə olmasın, öz sənətimizlə məşğul olaq. Bu yaşımda məni yalnız uşaqların, müharibə görməyən uşaqların gülüşü xoşbəxt edər.