LAYİHƏLƏR
KİNO AKADEMİYASI
Milli kinematoqrafiyamızın inkişafı üçün prioritet istiqamətlərdən biri də gənc kadrların hazırlanması, onların tədris prosesində aldıqları nəzəri biliklərin təcrübədə tətbiqinə şərait yaratmaqdır. “Azərbaycanfilm” kinostudiyası yaxın gələcəkdə Kino Məktəbinin və Kino Akademiyasının yaradılmasını planlaşdırır. Burada tələbələr kino istehsalına daha yaxın olacaq, peşəkar mütəxəssislərdən kino yaradıcılığı və istehsalına dair bilik və bacarıqları, təcrübələri öyrənəcəklər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsil Mərkəzinin tələbələri ilə yanaşı burada məktəblilərin də prosesə cəlb edilməsinə şərait yaradılacaq. Bu məqsədlə Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birgə kinostudiyanın bazasında ödənişsiz qaydada müxtəlif peşələr üzrə: ssenari, rejissorluq, operator, montajçı, qrim, kaskadyor, kino rəssamı, aktyorluq və s. kurslarının təşkili planlaşdırılıb. Akademiyanın fəaliyyəti üçün əsas şərtlərdən olan “Azərbaycanfilm”in otaqlarının təmir olunması, müəllimlərin əmək haqqı və digər xərclərin təmin edilməsini Azərbaycan Kinematoqrafçılar İttifaqı öz üzərinə götürür. Bu təşəbbüsün bəhrə verəcəyinə əminik.