_

TARIX

“Azərbaycanfilm” kinostudiyası qısa tarix

1895-ci ilin dekabrında dünyaya ilk qədəmlərini atan “kino” sənəti cəmi iki il sonra, 1898-ci ildə Azərbaycana da gəlib çıxır. 1998-ci ilin yanvar ayında Bakıda ilk film nümayişləri təşkil olunur. Bu, əsasən, Fransada çəkilmiş kino-süjetləri idi.

Bakı elmi foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon 1898-ci ilin may ayından etibarən Bakı həyatından bəhs edən bir neçə süjet çəkir.

Keçən əsrin əvvəllərində xarici kino şirkətləri Bakıda film istehsalı ilə məşğul olmağa başlanışdılar. Pirone qardaşlarının kinofabriki, “Pate” şirkəti, “Filma” səhmdar cəmiyyəti və başqa xaricilər Bakıda film çəkilişlərini həyat keçirirdilər.

 

1920-ci il iyulun 4-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanov kinematoqrafiya və fotoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret imzaladı. Xalq Mədəniyyət Komissarlığının tərkibində İncəsənət Şöbəsi yaradıldı. Xalq Komissarları Sovetinin 1923-cü il 5 mart tarixli xüsusi dekreti ilə Azərbaycan Foto-Kino İdarəsi yaradıldı.

1920-ci il dekabr ayının 20-də Azərbaycan Xalq Maarif Komissarlığı kollegiyasının iclasında “Kinematoqrafiya filmləri fabrikinin açılışı haqqında” qərar qəbul etdi.

 

1923-cü il aprel ayının 28-də AFKİ nəzdində I Dövlət Kinofabrikinin açılış mərasimi keçirildi.

“Azərbaycanfilm” kinostudiyasının tarixi də məhz həmin hadisədən başlanır. Şərq xalqları küçəsi ilə (indiki Azadlıq prospekti) Birja küçəsinin (indiki Üzeyir Hacıbəyli küçəsi) kəsişdiyi yerdə inqilabdan əvvəl “Renessans” restoranı, onunla bir cərgədə müxtəlif anbar binaları yerləşirdi. Həmin restoran və anbar binaları AFKİ-nin ixtiyarına verildi. Bina kinofabrikə uyğun şəkildə dəyişdirildi: restoranın zalı xeyli genişləndirildi, xırda otaqların arakəsmələri götürüldü, divarları hündürləşdirildi. Beləliklə də, iri zal 36x16 metr sahəsi olan yeni kinopavilyona çevrildi. Həyətdəki limonad zavodu söküldü və onun yerində plyonka emalı üzrə sex və başqa yardımçı binalar inşa edildi. Xaricdən kino avadanlığı gətirildi.

Hökumət üzvü Səməd Ağamalı oğlunun və şəhər ictimaiyəti nümayəndələrinin iştirakı ilə 1923-cü il aprelin 28-də kinofabrikin rəsmi açılışı oldu.

Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırıldı.

 

1923-1926 - AFKİ-nin I Dövlət Kino Fabriki

1926-1930 - Azdövlətkino (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi)

1930-1931 - Azərkino

1932-1933 - Azərfilm

1934-1935 - Azdövlətkinosənaye (Oktyabrın X illiyi adına kinofabrik)

1935-1938 - Azərfilm (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi)

1939-1958 - Bakı kinostudiyası

1958-1960- Azərbaycanfilm kinostudiyası

1960-cı ildən – Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyası

 

Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.